Beyləqan rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş futbol yarışı keçirilib.
24 aprel 2026 | 17:45
Bu gün şəhid Elyar Mirzəyevin – həm Vətən uğrunda canından keçmiş qəhrəman, həm də futbolçu kimi yadda qalan igidimizin və bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş futbol yarışı təşkil olunub.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, eləcə də Aşağı Çəmənli kəndi və Bahar qəsəbəsinin sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə giriş nitqi ilə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid Elyar Mirzəyevin həyat yolundan, onun futbolçu kimi fəaliyyətindən və Vətən uğrunda göstərdiyi qəhrəmanlıq nümunəsindən bəhs edib. Qeyd olunub ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu diqqət daim davam etdirilir. Bildirilib ki, bu cür tədbirlər cəmiyyətdə, xüsusilə də gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsində mühüm rol oynayır.
Daha sonra şəhid Elyar Mirzəyevin atası Cəlal Mirzəyev çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Ardınca futbol yarışı start götürüb. Yarış Aşağı Çəmənli kənd futbol komandası ilə Bahar qəsəbə futbol komandası arasında keçirilib. Komandalar meydanda əzm, birlik və idman ruhu nümayiş etdirərək şəhidlərin xatirəsinə layiqli oyun sərgiləyiblər.
Qeyd edək ki, belə tədbirlər şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasına xidmət etməklə yanaşı, gənclər arasında sağlam həyat tərzinin təbliği və vətənpərvərlik hisslərinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.







