Beyləqan rayonunun Orta Əlinəzərli kəndində şəhidlərin xatirəsinə inşa edilmiş abidənin açılışı keçirildi.
Beyləqan rayonu Orta Əlinəzərli kəndində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə inşa olunub. “Dirimiz əsgərdir, ölümüz şəhid” adlı abidədə 1-ci və 2-ci Qarabağ müharibəsində və Aprel döyüşlərində şəhid olan Orta Əlinəzərli kəndinin qəhrəmanlarının fotoları əksini tapıb.
Abidənin açılış mərasimində Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, şöbə müdiri Heybət Əliyev, şəhid ailələri və qazilər, kənd sakinləri, məktəb kollektivi, idarə və müəssisə kollektivi iştirak edib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Vətən uğrunda canını fəda edən qəhrəmanların ruhuna dualar oxunub.
Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova çıxış edərək bütün şəhidlərmizə Allahdan rəhmət diləyib və 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bildirib. Y.Məmmədova Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını vurğulayaraq Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhid ailələrinə dərin ehtiramını bildirib.
Çıxış edənlər bildiriblər ki, Orta Əlinəzərli kəndində inşa olunan abidədə 7 şəhidin xatirəsi əbədiləşdirilib. Abidədə 1-ci Qarabağ müharibəsi şəhidləri Əliyev Kərəm Qədim oğlu, Paşayev Paşa İbrahim oğlu, Aprel şəhidi Quliyev İnqilab Çingiz oğlu və İkinci Qarabağ müharibəsi şəhidləri İsmayılov Elvin Tələt oğlu, Heydərli Ayxan İlham oğlu, Əliyev Səbuhi Teyyub oğlu, Rəhimli Xəyal Rahil oğlunun fotoları əksini tapıb.
Çıxışlardan sonra abidənin açılışı olub. Məktəblilərin ifasında qəhrəmanlara, Vətənə həsr edilən şeirlər səsləndirilib.