Beyləqan şəhər Humanitar Fənlər Təmayüllü Liseyində Novruz Bayramı ilə əlaqədar bayram şənliyi keçirilib.
20 mart 2026 | 12:44
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, RİH başçısının müavinləri, şöbə və sektor müdirləri, idarə və müəssisə rəhbərləri, təhsil müəssisəsinin müəllim kollektivi və rayon ziyalıları iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov məktəb kollektivini və tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, onlara uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıb. Ə.Əzizov milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbirdə həmçinin Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov çıxış edərək bayram münasibətilə təbriklərini çatdırıb, liseyin direktoru Gülnarə Məmmədova isə çıxışında təhsil ocağına göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, yaradılan şəraitin şagirdlərin hərtərəfli inkişafında mühüm rol oynadığını qeyd edib.
Şənlik çərçivəsində təqdim olunan milli rəqslər, xalq mahnıları, eləcə də Novruzun ənənəvi obrazları olan Kosa və Keçəlin maraqlı dialoqları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb, tonqal ətrafında yandırılan bayram ocağı isə şənliyə xüsusi rəng qatıb.







