Beyləqan şəhəri ərazisində yerləşən daha bir suvarma kanalında bərpa və təmizlik işləri aparılıb
08 iyul 2025 | 12:05
Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və aidiyyəti qurumların iştirakı ilə rayonun suvarma infrastrukturlarının yenidən qurulması istiqamətində görülən tədbirlər çərçivəsində S.İmrəliyev küçəsindən başlayaraq S.Qazıyeva küçəsinədək uzanan və uzun müddət istifadəsiz qalmış suvarma kanalında bərpa-təmizlik işləri həyata keçirilmişdir.
Qeyd olunan kanalın illərlə baxımsız vəziyyətdə qalması nəticəsində ətraf ərazilərdə yerləşən həyatyanı sahələrin suvarılmasında ciddi çətinliklər yaranmış, torpaq sahələri və yaşıllıq zolaqları su çatışmazlığından zərər görmüşdür. Faktiki olaraq kanalın konturları torpaq və bitki örtüyü altında tamamilə itmişdir.
Mövcud vəziyyətin aradan qaldırılması, suyun sərbəst və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə müvafiq texnika və canlı qüvvə cəlb olunmaqla ərazidə intensiv təmizləmə və texniki bərpa işləri həyata keçirilir. Nəzərdə tutulan işlər tam başa çatdırıldıqdan sonra kanalın hidravlik keçid qabiliyyəti bərpa olunacaq, suvarma sisteminin normal fəaliyyəti təmin ediləcəkdir.
Bununla da vətəndaşların torpaq və yaşıllıq sahələrinin su təminatı ilə bağlı problemləri həllini tapacaqdır.







