Beyləqan şəhərinin Heydər Əliyev prospektində, eləcə də digər şəhərdaxili küçə və kəndlərarası yollarda yol nişanlanma işləri aparılıb.
01 may 2025 | 15:23
Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən cari ildə yenidənqurma və təmir işləri aparılmış Heydər Əliyev Prospekti, 20 Yanvar küçəsi, Akif Əkbərov küçəsi, Sərdar İmrəliyev küçəsi, Rövşən Axundov küçəsi, Munis Abbaslı küçəsi, Elxan Abbaslı küçəsi, eləcə də əvvəlki dövrlərdə asfaltlanmış Allahyarlı, Bünyadlı, Dünyamalılar, Gödəklər kəndlərində, Qəhrəmanlı, Bahar və Sarısu qəsəbələrində nəqliyyat hərəkətinin təhlükəsiz və nizamlı şəkildə təşkili məqsədilə müvafiq yol nişanlarının qurulması və nişanlanma xətlərinin bərpa olunması işləri həyata keçirilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən həyata keçirilən işlər çərçivəsində nəqliyyat axınının intensivliyinə uyğun olaraq yolun hərəkət hissəsinə müasir standartlara və texniki tələblərə tam cavab verən mərkəzi ayırıcı xətlər, hərəkət zolaqları və digər yol nişanları çəkilmişdir.
Yol nişanlanma işlərinin həyata keçirilməsi Beyləqan rayonunun yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılan növbəti uğurlu addımdır. Bütün görülən işlər əhali üçün təhlükəsiz və komfortlu nəqliyyat şəraitinin yaradılmasına mühüm töhfə verəcəkdir.
Rayon əhalisi görülən işləri yüksək qiymətləndirərək, Beyləqanda infrastrukturun yenilənməsi sahəsində göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və aidiyyəti qurumlara minnətdarlıqlarını bildirirlər.