Beyləqanda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu
30 may 2025 | 12:54
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Beyləqan şəhərində yerləşən Heydər Əliyev parkında tədbir təşkil olunub.
Tədbirdə Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri öz əl işlərindən ibarət rəsm sərgisi təqdim edib, gənc güləşçilər və şahmatçılar isə öz bacarıqlarını nümayiş etdiriblər.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon sektorunun müdiri Elvin Abbasov çıxış edərək uşaqları bayram münasibətilə təbrik ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin və onun laiqli davamçısı Prezident İlham Əliyevin uşaqlara və gənclərə göstərdiyi diqqət və qayğıdan, bu sahədə aparılan uğurlu siyasətdən bəhs olunub. Vurğulanıb ki, uşaqların inkişafı və hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Əyləncəli və rəngarəng proqramla müşayiət olunan tədbirdə azyaşlılar üçün maraqlı çıxışlar təşkil olunub. Uşaq bağçalarının balaca fidanları rəngarəng rəqs nömrələri ilə çıxış edib, Uşaq Musiqi Məktəbinin şagirdləri ifalarında vətənpərvərlik mahnıları səsləndirib. Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Beyləqan şəhəri 1 nömrəli tam orta məktəbin şagirdi Röya Nəsirli öz təqdimatı ilə çıxış edib, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən xor müsabiqəsinin qalibi olan uşaqlar da öz ifaları ilə tədbirə xüsusi rəng qatıblar.
Tədbirdə uşaqların sevinc dolu anları, xoş əhval-ruhiyyəsi və çıxışları maraqla qarşılanıb.