Beyləqanda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunmuşdur.
01 iyun 2026 | 15:35
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Beyləqan şəhərində yerləşən Heydər Əliyev parkında bayram tədbiri təşkil olunub.
Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon sektoru və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun məktəbliləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib, gənc idmançılar və şahmatçılar öz bacarıqlarını təqdim ediblər. Uşaqlar üçün müxtəlif əyləncəli proqramlar, musiqili nömrələr və maraqlı təqdimatlar təşkil olunub.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon sektorunun müdiri Elvin Abbasov uşaqları bayram münasibətilə təbrik edərək, ölkəmizdə uşaqların hərtərəfli inkişafı, təhsili və rifahının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində uşaqların təhsil alması, istedadlarının üzə çıxarılması və onların sağlam mühitdə böyüməsi üçün geniş imkanlar yaradılıb.
Bayram proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisələrinin fidanları və məktəblilər rəngarəng rəqs nömrələri ilə çıxış edib, Uşaq Musiqi Məktəbinin və ümumtəhsil müəsisələrinin şagirdləri tərəfindən müxtəlif musiqi və xor kompozisiyaları təqdim olunub. Uşaqların hazırladıqları səhnəciklər, mahnılar və yaradıcı çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Həmçinin bayram ərəfəsində Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Montessori” Uşaq Bağçası tərəfindən də bayram proqramı təşkil olunub, bayram azyaşlılara xoş anlar yaşadıb və uşaqlar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb. Tədbirlər zamanı uşaqların əyləncəli vaxt keçirmələri, yaradıcılıq qabiliyyətlərini və bacarıqlarını nümayiş etdirmələri üçün geniş imkanlar yaradılıb.
Sonda tədbir iştirakçıları uşaqların sevinc dolu anlarını bölüşərək, onların xoş istirahəti və bayram əhval-ruhiyyəsi üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər. Bayram tədbiri uşaqlara unudulmaz anlar yaşadaraq yüksək əhval-ruhiyyə ilə başa çatıb.







