Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 12 Avqust – Beynəlxalq Gənclər Günü qeyd olunub

12 avqust 2026 | 19:23
12 avqust 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rayon üzrə mədəniyyət müəssisələrinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon gənclər və idman sektorunun və rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə gənclərin ictimai fəallığının artırılması, onların asudə vaxtının səmərəli təşkili, vətənpərvərlik ruhunda tərbiyəsi və ekoloji maarifləndirilməsi məqsədilə tədbir keçirilib.
 
İlk öncə Ulu Öndər Heydər Əliyev Mərkəzinin ekspozisiya zalına baxış keçirilib, Ümummilli Liderin zəngin dövlətçilik irsi, Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğı, gənclərin ölkənin ictimai-siyasi və sosial həyatında fəal iştirakının təmin olunması istiqamətində həyata keçirdiyi mühüm tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib.
 
Dəyirmi masa ətrafında davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
 
Beyləqan rayon İHB-nın müavini Yeganə Məmmədova tədbiri açaraq iştirakçıları salamlayıb və Beynəlxalq Gənclər Gününün əhəmiyyəti, ölkəmizdə gənclər siyasətinin prioritet istiqamətləri, gənclərin qarşısında duran vəzifələr və onların cəmiyyətin inkişafındakı rolu barədə məlumat verib, gəncləri təbrik edərək onlara təhsildə, əmək fəaliyyətində və ictimai həyatda uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayıb.
 
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon gənclər və idman sektorunun müdiri Sənan Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova, rayon Mədəniyyət Mərkəzinin direktoru Fikrət Ağayev və digər çıxış edənlər dövlət gənclər siyasətindən, Azərbaycan gəncliyinin uğurlu gələcəyindən söz açıb və gəncləri bu əlamətdar gün münasibəti ilə təbrik ediblər.
 
Gənclər də öz növbəsində söz alaraq, onlara yaradılan imkanlara görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
 
Tədbirin növbəti hissəsində Heydər Əliyev Parkında gənclərin fəal iştirakı ilə ekoloji aksiya keçirilib, ərazidə təmizlik işləri aparılıb, ətraf mühitin qorunması və ekoloji mədəniyyətin formalaşdırılması ilə bağlı maarifləndirici fikirlər səsləndirilib. Aksiya gənclərin sosial məsuliyyətinin və ictimai fəallığının nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edib.
 
Tədbirin sonunda gənclərin asudə vaxtının səmərəli və maraqlı təşkili məqsədilə park ərazisində çay süfrəsi və konsert proqramı təşkil olunub.
 
Tədbir gənclərin maarifləndirilməsi, ictimai və sosial fəallığının dəstəklənməsi, eyni zamanda da səmimi fikir mübadiləsi aparılması baxımından yaddaqalan olub.
Keçidlər