Beyləqanda 14 İyul – Azərbaycanın inkişaf yolunun əsası qoyulan tarixi gün qeyd olunub
14 iyul 2026 | 14:47
14 iyul 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ilk dəfə gəlişinin ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, hərbi qulluqçular, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1969-cu il iyulun 14-nün Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olduğunu bildirib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əsaslı inkişaf mərhələsinin əsası qoyulub, milli dövlətçilik ənənələri möhkəmləndirilib, xalqın milli özünüdərki və gələcək müstəqilliyi üçün möhkəm təməl formalaşdırılıb.
Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənib, ölkəmiz regionun aparıcı dövləti kimi öz mövqeyini daha da gücləndirib. Əziz Əzizov çıxışı zamanı hazırda Şuşa şəhərində keçirilən IV Qlobal Media Forumuna da toxunaraq bildirib ki, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən bu mötəbər tədbir Azərbaycanın beynəlxalq informasiya məkanındakı artan rolunun, ölkəmizin açıq dialoq və əməkdaşlıq platformasına çevrildiyinin bariz göstəricisidir.
Sonra çıxış edən Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov Ümummilli Lider Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərindən bəhs edib, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının təqaüddə olan həkimi Xalisə Muradova, rayon ziyalıları İfrat Məhərrəmov, Mehman Əliyev və digərləri də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək öz xatirələrini bölüşüb, Ulu Öndərin zəngin dövlətçilik irsinin və müəyyən etdiyi inkişaf strategiyasının Azərbaycan dövlətinin gələcək inkişafında da mühüm yol göstəricisi olduğunu vurğulayıblar.
Sonda xatirə şəkli çəkilib.







