Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

11 iyun 2026 | 16:42
Beyləqan Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Beyləqan Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqa bağışlanan ömür yolu” mövzusunda tədbir keçirilib.
 
Yeni Azərbaycan Partiyası Beyləqan Rayon Təşkilatının inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Beyləqan Rayon Təşkilatının sədri Müşfiq Səfərov 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi dərin siyasi və iqtisadi böhrandan xilas edib, dövlət müstəqilliyinin qorunub saxlanılmasını təmin edib və Azərbaycanın inkişaf yolunun əsasını qoyub.
 
Çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin xilası və möhkəmlənməsi baxımından tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olunub, hüquqi-demokratik dövlət quruculuğu prosesinə başlanılıb və Azərbaycan davamlı inkişaf mərhələsinə qədəm qoyub.
 
Tədbirdə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və digər natiqlər də Milli Qurtuluş Gününün xalqımızın taleyindəki müstəsna rolundan, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsindən, Azərbaycanın müasir inkişafının təməlində dayanan siyasi kursdan bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz hərtərəfli tərəqqi yolunda inamla irəliləyir.
 
Çıxışlardan sonra bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub. Həmçinin rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən partiya üzvləri Yeni Azərbaycan Partiyası Beyləqan Rayon Təşkilatının Fəxri Fərmanları ilə təltif ediliblər.
 
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Keçidlər