Beyləqanda 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib.
15 may 2026 | 14:04
Beyləqan Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində 15 May – Beynəlxalq Ailə Günü münasibəti ilə tədbir keçirilib. Tədbir Niyazi adına Uşaq Musiqi Məktəbinin “Odlar Yurdu” xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova ailənin cəmiyyətin mənəvi dayağı, milli-mənəvi dəyərlərimizin qoruyucusu olduğunu vurğulayaraq bildirib ki, sağlam təməl üzərində qurulan ailə həm güclü dövlətin, həm də sağlam gələcəyin əsasını təşkil edir. O, Azərbaycan ailə modelinin əsrlər boyu milli dəyərlər, qarşılıqlı hörmət, sevgi və mənəvi bağlılıq üzərində formalaşdığını qeyd edib, dövlətimiz tərəfindən ailə institutunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdən danışıb.
Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov Azərbaycan ailəsinin milli-mənəvi dəyərlərimizin yaşadılmasında mühüm rol oynadığını diqqətə çatdıraraq, ailədə böyüyə hörmət, kiçiyə qayğı, qarşılıqlı etimad və düzgün tərbiyənin cəmiyyətin inkişafına birbaşa təsir göstərdiyini bildirib.
Tədbirdə rayonun ziyalı ailələrinin iştirakı xüsusi maraqla qarşılanıb. Rayonumuzun ziyalı ailələrindən Əlixan müəllim və həyat yoldaşı Xalisə həkim, eləcə də Qaryağdı müəllim və həyat yoldaşı Xatirə xanım çıxış edərək uzun illərə söykənən ailə təcrübələrindən söz açıb, ailədə qarşılıqlı anlayışın, sədaqətin və mənəvi bağlılığın vacibliyini vurğulayıblar. Onların gənc ailələrə ünvanladıqları dəyərli tövsiyələr tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Tədbirdə iştirak edən şəhid ailələri isə tədbirə xüsusi mənəvi dəyər qatıb. Şəhid ailəsi nümayəndələri Əsədov Teyyub və Əsədova Zeynəb çıxışlarında vətənpərvərlik ruhunun formalaşmasında ailənin rolundan, milli-mənəvi dəyərlərin gələcək nəsillərə aşılanmasının vacibliyindən bəhs ediblər.
Ailə dəyərlərinin gənc nəsil arasında təbliği məqsədilə rayonun fəal və ziyalı gənc ailələrindən Birinci Şahsevən kənd 3 saylı tam orta məktəbin direktoru Zaur Qədirov və Gülnarə Məmmədova övladları ilə birlikdə tədbirdə iştirak edərək ailə münasibətləri, övlad tərbiyəsi və sağlam ailə mühitinin əhəmiyyətindən danışıblar.
Tədbirdə həmçinin “Uşaq Səfirlər Məclisi”nin Beyləqan rayon nümayəndələri də çıxış edərək ailə dəyərlərinin qorunmasının vacibliyindən danışıblar, bu istiqamətdə gənclərin üzərinə düşən məsuliyyəti diqqətə çatdırıblar.
Tədbirin yekununda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon üzrə nümayəndəsi Məhəmməd Qələndərov çıxış edərək ailə institutunun cəmiyyətin mənəvi inkişafında mühüm rol oynadığını bildirib, milli ailə dəyərlərinin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.
Daha sonra tədbirin bədii hissəsi təqdim olunub. Niyazi adına Uşaq Musiqi Məktəbinin “Odlar Yurdu” xor kollektivi tərəfindən “Biz mehriban ailəyik” mahnısı ifa edilib, məktəbin müəllim və şagirdləri tərəfindən bir-birindən maraqlı musiqi nömrələri təqdim olunub.
Səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçən tədbirdə müxtəlif nəsilləri təmsil edən ailələrin iştirakı, onların səsləndirdikləri fikirlər, həyat təcrübələri və dəyərli tövsiyələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir bir daha göstərib ki, sağlam ailə milli-mənəvi dəyərlərimizin yaşadılması və güclü cəmiyyətin formalaşması üçün ən mühüm amillərdən biridir.







