Beyləqanda 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı qeyd edildi
17 iyun 2025 | 20:47
17 İyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Beyləqanda səhiyyə işçilərinin iştirakı ilə geniş tərkibli ziyafət tədbiri təşkil olunub.
“Toğrul” şadlıq sarayında keçirilən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının nümayəndələri, Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin rəhbərliyi və səhiyyə işçiləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onların fədakar və məsuliyyətli fəaliyyətini yüksək dəyərləndirib. Bildirilib ki, ölkədə səhiyyə sisteminin inkişafı, tibb işçilərinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir və bu sahədə görülən işlər Beyləqan rayonunda da ardıcıl olaraq davam etdirilir.
Daha sonra aralarında şəhid ailəsi üzvləri də olan bir qrup tibb işçisinə peşə bayramı münasibətilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələri təqdim olunub.
Tədbirdə çıxış edən Beyləqan rayon prokuroru Ramazan Hadıyev və Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin direktoru Bayram Muradov peşə bayramı münasibətilə səhiyyə işçilərini təbrik etmiş, dövlətin tibb sahəsinə göstərdiyi diqqətdən, yeni texnologiyaların tətbiqindən, son illər TƏBİB-in və İcbarı Tibbi Sığortanın yaranması ilə əldə olunan uğurlardan və səhiyyəsinin tarixindən söz açıblar.
Tədbir bədii hissə ilə yekunlaşıb, xatirə fotosu çəkilib.







