Beyləqanda “2 iyul- Azərbaycan Polisi Günü” qeyd edildi.
02 iyul 2024 | 18:24
Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Xalq Cümhuriyyəti dövründə, cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yaradılıb. 1998-ci ildən isə iyulun 2-si Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Beyləqan rayonunda əlamətdar günlə bağlı tədbir keçirildi. Öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət edildi.
Sonra tədbir rayon Polis şöbəsində davam etdirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Telman Məstanov və rayonun digər rəhbər şəxsləri iştirak etdilər.
Telman Məstanov çıxış edərək Azərbaycanda dövlətçiliyinin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsində Azərbaycan polisinin şərəfli xidmət yolundan danışdı. T.Məstanov Daxili İşlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyev və onun laiqli davamçısı İlham Əliyevin bu sahədə müstəsna rolunu xüsusi vurğulayaraq sonda peşə bayramı münasibəti ilə rayon Polis şöbəsinin rəhbər və bütün şəxsi heyyətini təbrik etdi və şərəfli peşələrində uğurlar arzuladı.
Tədbirdə rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov, Beyləqan rayon prokuroru Ramazan Hadıyev, DTX-nin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov və digər rəhbər şəxslər çıxış edərək polis əməkdaşlarını təbrik etmiş, Azərbaycan polisinin keçdiyi tarixi yolun bugünkü nəsil üçün örnək olduğunu, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında polisin xidmətləri danılmaz olduğunu bildirdilər.
Tədbirin sonunda Telman Məstanov rayon Polis şöbəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına hədiyyələr təqdim edib.