Beyləqanda 22 İyul – Milli Mətbuat Günü qeyd edilib.
22 iyul 2026 | 12:17
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə rayon Gənclər Evində tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, ictimaiyyət nümayəndələri, media mənsubları, ziyalılar və qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, Gənclər Evində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək bildirib ki, Azərbaycan milli mətbuatı Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan zəngin ənənələrə malikdir. O qeyd edib ki, milli mətbuat ötən 151 il ərzində cəmiyyətin maariflənməsində, milli-mənəvi dəyərlərin qorunmasında, ictimai fikrin formalaşmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb. Əziz Əzizov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkədə media sahəsində həyata keçirilən islahatlar peşəkar jurnalistikanın inkişafına geniş imkanlar yaradır.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında bildirib ki, müasir dövrdə obyektiv, operativ və məsuliyyətli informasiya cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edir. O, Azərbaycan mediasının xüsusilə 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını qeyd edib. Əziz Əzizov eyni zamanda yerli medianın rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının işıqlandırılmasına verdiyi töhfələri yüksək qiymətləndirərək, bütün media nümayəndələrinə məsuliyyətli fəaliyyətlərinə görə təşəkkür edib, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları və peşə fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb. Daha sonra 22 İyul-Milli Mətbuat Günü münasibətilə bir qrup media işçisini Fəxri Fərman və hədiyyələrlə təltif edib.
Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan rayon bölməsinin sədri, “Beyləqan” qəzetinin redaktoru Fazil Əsəd və “Novator” qəzetinin təsisatçısı, iqtisadi məsələlər üzrə ekspert Mehman Əliyev və digərləri çıxış edərək milli mətbuatın keçdiyi inkişaf yolundan, peşəkar jurnalistikanın cəmiyyət üçün əhəmiyyətindən və yerli medianın fəaliyyətindən bəhs ediblər.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Beyləqan Rayon Mədəniyyət Nümayəndəliyinin hazırladığı musiqili proqram iştirakçılara təqdim olunub.







