Beyləqanda 27 Sentyabr – Anım Günü böyük ehtiramla qeyd olundu.
27 sentyabr 2025 | 14:17
27 Sentyabr – Anım Günü münasibətilə Beyləqan rayonunda şəhidlərimizin müqəddəs xatirəsi sonsuz ehtiramla yad edilib. Cərciz Peyğəmbər ziyarətgahında keçirilən mərasim xalqımızın qəhrəman övladlarının unudulmaz igidliyinə bir daha ehtiram nümayişi olub.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, hərbçilər və yüzlərlə ictimaiyyət nümayəndəsi iştirak edib.
Əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad edilib.
Ziyarətdən sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vurğulayıb ki, Azərbaycan xalqının qəhrəman övladları öz igidliyi, rəşadəti və Vətən sevgisi ilə əsl ölümsüzlüyə qovuşublar. “Onların qanı ilə yazılmış qəhrəmanlıq dastanı xalqımızın yaddaşında əbədi yaşayacaq. Hər bir şəhidimiz Azərbaycan xalqının azadlığı, müstəqilliyi və gələcəyi naminə igidlik simvoludur. Bizim müqəddəs borcumuz onların əziz xatirəsini daim yaşatmaq, gələcək nəsillərə ötürməkdir,” – deyə Əziz Əzizov bildirib.
Rayon rəhbəri qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər, bu gün dövlət səviyyəsində qeyd olunan Anım Günü, şəhidlərimizə olan sonsuz hörmətin və xalqımızın birlik iradəsinin təntənəsidir.
Mərasimdə iştirak edən ictimaiyyət nümayəndələri şəhidlərimizin ruhuna rəhmət, qazilərimizə isə şəfa diləyərək, onların qəhrəmanlığının daim qəlblərdə yaşayacağını vurğulayıblar.







