Beyləqanda 27 Sentyabr-Anım Günü qeyd olundu.
27 sentyabr 2024 | 15:02
Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin Cərciz Peyğəmbər Ziyarətgahında-Şəhidlər Xiyabanında məzarları ziyarət olunub.
Anım tədbirində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhid ailələri, qazi və veteranlar, kütləvi informasiya vasitələrinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ziyarət zamanı Zəfərin baş qəhrəmanlarının məzarları, o cümlədən naməlum şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə ziyarət olunub, üzərilərinə tər gül dəstələri düzülərək xatirələri sonsuz ehtiramla yad edilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov anım mərasimində iştirak edənlərə, şəhid ailələri, qazi və veteranlara səslənərək Sentyabrın 27-nin tariximizə həm kədərli, həm qürurlu tarix kimi həkk olduğunu, düz dörd il bundan əvvəl başlayan Zəfər yolunda ilk addımların məhz bu gün atıldığını diqqətə çatdırıb. Əziz Əzizov Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun-qəhrəman əsgər və zabitlərimizin cəmi 44 gün ərzində hər günü bir tarix olan qəhrəmanlıq salnaməsi yazdığını, bizləri Qələbə ilə sevindirən Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, Azərbaycanın Şanlı Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən cəsur qazilərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu bildirmişdir.
Rayon rəhbəri Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının hər birimiz üçün örnək və nümunə olduğunu və həmin qayğının bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.
İşğaldan azad edilmiş ərazilərimizdəki irimiqyaslı bərpa-quruculuq işləri haqqında da danışan RİH başçısı soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü, bu qayıdışın ən qısa müddət ərzində təmin edilməsinin Ölkə Prezidenti İlham Əliyevin başlıca prioriteti olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Şəhidlərin ailə üzvləri ölkəmizdə, o cümlədən Beyləqan rayonunda şəhidlərə, onların ailələrinə verilən yüksək dəyərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, Anım günündə şəhidlərin məzarlarının ziyarət olunmasının övladlarının timsalında bütün şəhidlərimizə olan dərin ehtiramın bariz nümunəsi olduğunu ifadə etmişlər.
Ziyarətdən sonra rəsmilər şəhidlərimizin xatirəsinə açılmış ehsan süfrəsində iştirak ediblər.
Beyləqan Rayon İcra Hakimiyyəti olaraq Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!