Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026 | 15:27
25 sentyabr 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Böyük zəfərin əbədi qəhrəmanları” mövzusunda tədbir keçirilib.
 
Tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon Təhsil Sektorunun və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə keçirilib.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, İcra Hakimiyyətinin aparatının və təşkilatçı qurumların əməkdaşları, Beyləqan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, müəllim və şagirdlər iştirak ediblər.
 
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Vətən müharibəsi qazisi Qiyas Məmmədli, şəhid Qoşqar Qasımovun atası Atakişi Qasımov, şəhid Zamiq Hacıyevin anası Nəzakət Hacıyeva, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Məhəmməd Qələndərov, Beyləqan rayon Təhsil Sektorunun müdiri Elvin Abbasov, Beyləqan rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Sənan Quliyev və digər natiqlər çıxış ediblər.
 
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, Vətən müharibəsinin əhəmiyyətindən, 27 Sentyabr tarixinin Azərbaycanın müasir hərb tarixinə yazılan mühüm və əlamətdar günlərdən biri olmasından bəhs edilib. Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunmasını təmin edib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib.
 
Qeyd olunub ki, Anım Günü Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın ifadəsidir. Şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, onların əziz xatirəsi daim ehtiramla yad ediləcəkdir.
 
Tədbir çərçivəsində “Böyük zəfərin əbədi qəhrəmanları” ilə bağlı xatirələr səsləndirilib.
 
Sonda Anım Gününə həsr olunmuş “Ordumuz – qürurumuzdur” adlı videoçarx nümayiş etdirilib.
Keçidlər