Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 27 sentyabr–Anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.

27 sentyabr 2025 | 14:37
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr – Anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Beyləqan rayon təşkilatının sədri, şəhid ailələri və qazilər, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə Dövlət Himni səsləndirilməsi ilə tədbir rəsmi olaraq açıq elan olunub. Daha sonra ulu öndər Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir çərçivəsində həmçinin 44 günlük Vətən Müharibəsinin tarixini əks etdirən videoçarx nümayiş etdirilib.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 27 Sentyabr – Anım Günü ilə əlaqədar çıxış edərək, xalqımızın Vətən uğrunda canından keçmiş şəhidlərinə dərin hörmət və ehtiramını ifadə edib. O, şəhidlərimizin mübariz yolunun hər bir vətəndaş üçün nümunə olduğunu vurğulayaraq, onların göstərdiyi qəhrəmanlıq və fədakarlığa görə Allahdan rəhmət diləyib.
 
RİH başçısı çıxışında bildirib ki, 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi xalqımızın uzun illər çəkdiyi həsrətə son qoymuş, Azərbaycanı qalib ölkə olaraq dünyaya tanıtmışdır. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlarda şəhid olmuş oğullarımızın və qazilərimizin döyüş yolu xalqımızın qürur mənbəyidir. Əziz Əzizov həmçinin xüsusi olaraq vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin bu yaxınlarda BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi tarixi çıxış Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmış, böyük Zəfərimizin siyasi və diplomatik müstəvidə də təsdiqi olmuşdur.
 
Tədbirdə şəhid ailələri və birinci qrup Vətən Müharibəsi əlili Orxan Həsənli də çıxış edərək, həm dərin hisslərini, həm də Vətənə bağlılıqlarını ifadə ediblər. Onlar hərbçilərimizin göstərdiyi qəhrəmanlığı xatırladaraq, şəhidlərin fədakarlığının xalqımızın azadlığı üçün əhəmiyyətini vurğulayıblar. Çıxışlarda həm şəhid ailələrinin qürur hissi, həm də dövlətimizə və Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya olan minnətdarlıq ifadə edilib.
 
Daha sonra ehsan süfrəsində Vətən torpaqları uğrunda canından keçən igidlərimizin mübarək ruhlarına dualar ünvanlanıb, onların şərəfli adı hörmətlə anılıb.
Keçidlər