Beyləqanda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Mayın 28–də Beyləqan rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon idarə və müəssisə rəhbərliyi və kollektivi, ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül –çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişdilər.
Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Bayram tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbirdə çıxış edərək bildirmişdir ki, 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da, onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər həyata keçirdi, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar oldu. Olduqca çətin bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir deyən Asif Ağayev bildirdi ki, Cənab Prezidentimiz hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə, tarixinə böyük hörmət və ehtiramla yanaşır . Belə ki, 28 May – Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təntənə qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə qoyulmuş, 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuş və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, demokratik hüquq və azadlıqların bərqərar olmasından ətraflı söz açaraq müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışmış, xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və bu gün onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətləri nəticəsində Azərbaycanın müstəqilliyinin qorunub saxlanıldığını, dünyəvi dövlət quruculuğu yolunda ölkəmizin inamla irəliləməsinə nail olunduğunu qeyd ediblər.