Beyləqanda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunmuşdur
05 oktyabr 2026 | 21:57
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş ziyafət tədbiri keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və rayon İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının Beyləqan Rayon Təşkilatının sədri, məktəb və bağça direktorları, qabaqcıl müəllimlər, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, təhsil işçisi olan şəhid ailələri, qazilər, veteranlar, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra “Kral” şadlıq sarayında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. O, müəllimlik peşəsinin gənc nəslin savadlı, vətənpərvər və yüksək mənəvi dəyərlərə malik vətəndaş kimi yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb.
Əziz Əzizov Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğının bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Bildirib ki, ölkədə təhsil infrastrukturunun yenilənməsi, yeni məktəblərin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı daha sonra peşə bayramı münasibətilə təhsil işçisi olan şəhid ailəsi üzvlərinə və bir qrup təhsil işçinə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını və hədiyyələrini təqdim edib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Beyləqan Rayon Təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edib və bir qrup müəllimə fəxri fərmanlar təqdim edib.
Rayon Təhsil sektorunun müdiri Elvin Abbasov, Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Beyləqan şəhəri Nizami Ağayev adına tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Natiq Əliyev, Qaralılar kənd tam orta məktəbinin tarix müəllimi, Vətən müharibəsi veteranı Vüsal Ramizov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon nümayəndəsi Tahir Həsənov, Şəhid ailəsi üzvü olan təhsil işçisi Sevinc Məmmədova və digərləri çıxış edərək müəllimləri əlamətdar gün münasibətilə təbrik ediblər.
Çıxışlarda müəllimlik peşəsinin cəmiyyətin inkişafındakı əhəmiyyəti, təhsil işçilərinin gənc nəslin formalaşmasında və ölkənin gələcəyinin qurulmasında mühüm rolu vurğulanıb. Natiqlər dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğının müəllimlərin fəaliyyətinə mühüm dəstək verdiyini bildirərək bütün təhsil işçilərinə uğurlar arzulayıblar.
Tədbirin sonunda Beyləqan Rayon Mədəniyyət Nümayəndəliyinin hazırladığı musiqili proqram təqdim olunub.







