Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub

03 oktyabr 2025 | 14:25
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kral” şadlıq sarayında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb və bağça direktorları, qabaqcıl müəllimlər, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, təhsil işçisi olan şəhid ailələri, qazilər, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Ardınca Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbir iştirakçılarını salamlayaraq bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edib. O, müəllimlik peşəsinin cəmiyyətin mənəvi dayağı olduğunu, gənc nəslin vətənpərvər, savadlı və müasir dünyagörüşünə malik vətəndaş kimi yetişdirilməsində pedaqoqların əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb.
 
RİH başçısı qeyd edib ki, artıq ikinci ildir Beyləqanda Müəllimlər Günü yüksək səviyyədə, təntənəli şəkildə qeyd olunur. O, bu ənənənin müəllimlərə olan böyük hörmət və ehtiramın bariz nümunəsi olduğunu bildirib.
 
Çıxışında Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışan Əziz Əzizov, həmin siyasətin bu gün ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, dövlətimiz tərəfindən son illərdə yeni məktəb binaları və təhsil ocaqları tikilərək istifadəyə verilir, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
 
Beyləqan RİH başçısı daha sonra peşə bayramlarına görə təhsil işçisi olan şəhid ailələrinə gül və hədiyyələr, rayon üzrə bir qrup təhsil işçisinə isə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və hədiyyələrini təqdim edib.
 
Rayon Təhsil sektorunun müdiri Elvin Abbasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin sədri Tahir Həsənov, Şəhid kapitan Həmid Həmidlinin anası, ingilis dili müəllimi Könül Vəliyeva, Qaradağlı kənd tam orta məktəbinin direktoru Bülbül İsgəndərova, rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov çıxış edərək müəllimlərin cəmiyyətdə oynadığı roldan danışaraq onların fədakar əməyinin yüksək qiymətləndirildiyini bildiriblər. Natiqlər tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib, dövlətin təhsilə göstərdiyi diqqət və qayğının son illərdə keyfiyyət dəyişikliklərinə yol açdığını qeyd ediblər. Onlar bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
 
Tədbir rayon Mədəniyyət Mərkəzi kollektivinin hazırladığı rəngarəng konsert proqramı ilə davam edib.
Keçidlər