Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 8 Noyabr–Şanlı Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş təntənəli ziyafət tədbiri keçirilib

07 noyabr 2025 | 16:07

Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş təntənəli ziyafət tədbiri keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə Ümummilli Lider Heydər Əliyevin və Vətənin bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra 44 günlük Vətən Müharibəsində yazılan şanlı Zəfər yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən Müharibəsi veteranları, idarə və müəssisə əməkdaşları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.
 
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Azərbaycan xalqı 44 gün ərzində bütün dünyaya gücünü, əzmini və iradəsini nümayiş etdirdi. RİH başçısı vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti və xalq–dövlət birliyinin sarsılmazlığı nəticəsində Azərbaycan təkcə torpaqlarını azad etmədi — əsrlər boyu yaddaşlardan silinməyəcək bir zəfər salnaməsi yazdı. Sabah paytaxt Bakı şəhərində keçiriləcək möhtəşəm Zəfər Paradını vurğulayan rayon rəhbəri, bu paradın Azərbaycan xalqının dövlətçilik qürurunun, ordumuzun qüdrətinin və Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsinin parlaq təcəssümü olduğunu bildirdi.
 
Əziz Əzizov qeyd edib ki, Zəfər heç vaxt təsadüfi olmadı. Bu Qələbənin təməlində böyük strateji liderlik, müasir ordu quruculuğu, xalqın milli qüruru və şəhidlərimizin müqəddəs qanı dayanır. Bu gün işğaldan azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, yeni şəhər və kəndlərin salınması, Qarabağın həyatla yenidən nəfəs alması məhz bu zəfərin davamıdır.
 
Tədbirin davamında şəhid ailələri adından Bənövşə Fərzəliyeva, Məhərrəmov Əmiraslan, Vətən Müharibəsi qazisi Orxan Həsənov və Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov çıxış edərək Zəfərin qürurundan və dövlətimizin şəhid ailəri və qazilərə göstərdiyi yüksək diqqət və qayğıdan danışmışlar.
 
Ziyafət tədbiri Beyləqan rayon Mədəniyyət Mərkəzinin hazırladığı musiqili proqramla davam edib. Səhnədə səslənən hər bir ifa həm qələbə sevincini, həm də şəhidlərin xatirəsinə sonsuz ehtiramı əks etdirib.
 
🇦🇿Zəfərimiz mübarək!
Keçidlər