Beyləqanda abadlıq işləri davam edir: Akif Əkbərov küçəsində yeni səki istifadəyə verildi!
06 may 2025 | 10:00
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, o cümlədən infrastrukturun yenilənməsi və abadlıq-quruculuq işlərinə göstərilən xüsusi diqqət nəticəsində bölgələrimiz sürətlə inkişaf edir. Bu çərçivədə Beyləqan rayonunda da mütəmadi olaraq abadlıq tədbirləri həyata keçirilir.
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzində yerləşən küçələrdən hesab olunan Akif Əkbərov küçəsində uzun müddət tamamilə yararsız vəziyyətdə olan, çatlar və qabarmalar müşahidə olunan səki əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilib. Görülən işlər çərçivəsində piyadaların təhlükəsiz və rahat hərəkəti üçün səki örtüyü və bardürlər yenilənmiş, ətraf ərazidə səliqə-sahman yaradılmışdır.
Yeni səkinin salınması həm əhalinin gündəlik həyatını asanlaşdırır, həm də rayonun ümumi abadlıq simasının daha da yaxşılaşdırılmasına xidmət edir. Bu cür layihələr Beyləqan rayonunda vətəndaşların rifah halının yüksəldilməsinə, infrastrukturun müasir tələblərə uyğun qurulmasına yönəlmiş ardıcıl tədbirlərin tərkib hissəsidir.
Beyləqan rayonunda aparılan abadlıq-quruculuq işləri davam etdirilir.