Beyləqanda abadlıq və infrastruktur işləri davam etdirilir
20 iyul 2026 | 10:37
Beyləqan rayonunda əhalinin rahatlığının təmin edilməsi, yaşayış məhəllələrinin abadlaşdırılması və kommunal infrastrukturun yaxşılaşdırılması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış binalarının qarşısında asfalt örtüyünün salınması işləri həyata keçirilib. Eyni zamanda, R.Axundov küçəsində istismar müddətini başa vurmuş bir neçə elektrik dirəyi yeniləri ilə əvəz olunub, yaşayış binalarının qarşısında asfaltlama işləri görülüb. Görülən abadlıq və yenidənqurma tədbirləri həm nəqliyyatın, həm də piyadaların hərəkətinin təhlükəsizliyinin artırılmasına, eləcə də sakinlərin rahatlığının təmin edilməsinə mühüm töhfə verir.
Rayon sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə edərək, ölkəmizdə həyata keçirilən sosial yönümlü siyasətin regionların davamlı inkişafına və insanların rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayırlar.







