Beyləqanda abadlıq və təmizlik işləri mütəmadi olaraq davam etdirilir
14 may 2026 | 21:40
Beyləqan Rayon İcra Hakimiyyətinin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində abadlıq, təmizlik və yaşıllıqlara qulluq işləri davam etdirilir. Həyata keçirilən tədbirlər çərçivəsində Beyləqan Şəhər Mənzil Kommunal İstehsalat Birliyinin zəhmətkeş əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində genişmiqyaslı təmizlik və abadlıq işləri aparılır.
Görülən işlər zamanı küçə və prospektlər, yaşayış məhəllələri, ictimai iaşə və xidmət obyektlərinin ətrafı məişət tullantılarından təmizlənir, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, ağac və dekorativ kolların ətrafı səliqəyə salınır və ətraf mühitin sanitar vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülür.
Abadlıq tədbirlərinin əsas məqsədi rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, sakinlərin rahatlığının təmin olunması və ətraf mühitin daha təmiz, səliqəli saxlanılmasıdır. Həmçinin qeyd edək ki, aparılan abadlıq və təmizlik işləri təkcə Beyləqan şəhəri ərazisində deyil, eləcə də rayonun kənd və qəsəbələrində mütəmadi olaraq davam etdirilir.
Rayonumuzun daha təmiz və nümunəvi görünüşünün qorunub saxlanılması məqsədilə sakinlərimizi ətraf mühitin mühafizəsinə həssas yanaşmağa, təmizlik qaydalarına riayət etməyə və həyata keçirilən abadlıq işlərinə dəstək olmağa çağırırıq.







