Beyləqanda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
05 iyun 2025 | 16:27
İyunun 5-də Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri, rayon Ağsaqqallar Şurasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Beyləqan şəhərində adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
RİH-in inzibati binasında davam edən tədbirdə ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ağsaqqalların ölkənin və rayonun ictimai-siyasi həyatındakı önəmli rolunu və cəmiyyətdəki yüksək nüfuzunu diqqətə çatdırıb. Əziz Əzizov son illərdə həyata keçirilən islahatların, o cümlədən sosial sahədə atılan addımların yaşlı nəslin rifahına müsbət təsir göstərdiyini vurğulayıb. O, Azərbaycan Ağsaqqallar Şurasının ictimai həyatda tutduğu mövqeni yüksək qiymətləndirərək, Beyləqan rayonunda ağsaqqalların fəaliyyətini nümunəvi və faydalı işlərin təməlində dayanan bir faktor kimi səciyyələndirib.
Daha sonra Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanovun 2024-cü ilə dair hesabat məruzəsi dinlənilib.
Rayon Prokuroru Ramazan Hadıyev, Rayon Rayon Ağsaqqallar Şurasının üzvləri Nadir Abdullayev, İsgəndər Tağıyev, İfrat Məhərrəmli, Əhmədalı Mürsəlov və Zakir Orucov da çıxış edərək ağsaqqalların cəmiyyətdəki rolundan, onların gənc nəslin tərbiyəsində, milli-mənəvi dəyərlərin təbliğində və qorunmasında oynadığı mühüm roldan danışıblar.
Sonda Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov tədbirin əhəmiyyətinə toxunaraq, ölkəmizdə ağsaqqal institutuna verilən yüksək dəyərin cəmiyyətin mənəvi inkişafında mühüm rol oynadığını qeyd edib. O, yaşlı nəslə göstərilən diqqət və ehtirama görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edərək, gələcəkdə də ağsaqqalların ictimai proseslərdə fəallığının daha da artırılmasının vacibliyini önə çəkib.
Konfrans iştirakçıları ilə xatirə şəkli çəkilərək tədbir yekunlaşıb.