Beyləqanda ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüş keçirilib.
09 sentyabr 2025 | 12:47
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2025/2026-cı tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında 550-700 aralıqda bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə giriş nitqi ilə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məzunları təbrik edərək onların uğurunu dövlətimizin təhsil siyasətinin bariz nəticəsi kimi dəyərləndirib. RİH başçısı qeyd edib ki, artıq ikinci dəfədir rayon üzrə yüksək bal toplamış məzunlarla belə təntənəli görüş keçirilir və bu ənənənin davamlı xarakter daşıması təhsil sahəsinə verilən yüksək qiymətin göstəricisidir.
Rayon rəhbəri çıxışında vurğulayıb ki, Prezident İlham Əliyev təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində yeni təhsil ocaqları inşa edilir, işğaldan azad olunmuş ərazilərdə isə müasir məktəb binaları tikilərək gənclərin istifadəsinə verilir. Əziz Əzizov bildirib ki, bu uğurlara nail olan gənclər dövlətin təhsil sahəsində həyata keçirdiyi siyasətin canlı nəticəsidir.
Beyləqan RİH başçısı Əziz Əzizov həmçinin şəhid övladlarının da təltif edilənlər arasında olmasını xüsusi vurğulayaraq onların qələbəsinin ikiqat qürur mənbəyi olduğunu qeyd edib.
Daha sonra məzunlara Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin rəisi Bəhruz Nəbili çıxış edərək təhsil sahəsində əldə olunan nəticələrdən, bölgədə təhsilin inkişafı üçün görülən tədbirlərdən danışıb, Rayon Ağsaqqallar Şurasının sədri, təqaüdçü pedaqoq Etibar İmanov da gəncləri təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb və müəllim əməyinə verilən dəyərin önəmini vurğulayıb.
Görüşdə builki qəbul imtahanlarında rayon üzrə yüksək nəticə göstərmiş məzunlarımız və onların valideyinləri də çıxış edərək dövlətin təhsilə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda isə rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı təqdim edilib.







