Beyləqanda antiterror şəhidi Fəti Fətizadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib
09 iyun 2026 | 16:57
Gənclər və İdman Nazirliyinin dəstəyi, Beyləqan Rayon İcra Hakimiyyətinin və Beyləqan Gənclər Evinin təşkilatçılığı ilə “Ordun varsa, yurdun var!” layihəsi çərçivəsində antiterror əməliyyatları şəhidi Fəti Fətizadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndələri, ictimai birlik və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən şəhid anası Nüşabə xanım şəhid Fəti Fətizadənin həyat və döyüş yolundan, onun yüksək vətənpərvərlik ruhundan, Vətənə bağlılığından və göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıb. O, şəhidlərin xatirəsinin daim uca tutulmasının və gənc nəslə tanıdılmasının vacibliyini vurğulayıb.
Çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Heybət Əliyev şəhidlərimizin şərəfli döyüş yolundan, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından bəhs edib. O, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı barədə məlumat verərək gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətini qeyd edib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyev və digər çıxış edənlər şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışaraq buna görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin bədii hissəsində 1 saylı Şahsevən kənd tam orta məktəbinin və Şəfəq kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar və səhnəciklər nümayiş etdirilib.







