Beyləqanda aqrar sahənin inkişafı ilə bağlı növbəti monitorinq və müzakirələr aparılıb
20 noyabr 2026 | 19:20
Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində Beyləqan rayonunda növbəti monitorinq keçirilib.
Monitorinqdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri Bayandur Rzayev və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
İlk olaraq rayon ərazisində fəaliyyət göstərən fermer təsərrüfatlarına baxış keçirilib. Təsərrüfatlarda mövcud istehsal şəraiti, istifadə olunan resurslar, əldə olunan nəticələr və gələcək inkişaf imkanları ilə yerində tanışlıq olub. Fermerlərlə söhbət zamanı aqrar istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi, heyvandarlıq və bitkiçilik sahələrində mövcud potensialın genişləndirilməsi, məhsulların istehsalı ilə yanaşı, emal və satış imkanlarının yaxşılaşdırılması məsələləri diqqət mərkəzində saxlanılıb.
Monitorinq çərçivəsində daha sonra Beyləqan Rayon İcra Hakimiyyətində geniş tərkibli görüş keçirilib. Görüşdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfat rəhbərləri, sahibkarlar, aidiyyəti dövlət qurumlarının nümayəndələri və qərargah üzvləri iştirak ediblər.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında rayonun aqrar potensialı, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə mövcud imkanlar və bu sahədə həyata keçirilən işlər barədə məlumat verib. Ə.Əzizov həmçinin rayonun kənd təsərrüfatı sahəsində malik olduğu potensialın daha da genişləndirilməsi, fermerlərin təşəbbüslərinin dəstəklənməsi və Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan layihələrin icrası istiqamətində görüləcək işlərdən bəhs edib.
Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov Dövlət Proqramının aqrar sektorun davamlı inkişafında, istehsal və emal sahələrinin genişləndirilməsində, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində əhəmiyyətini vurğulayıb. O, proqramda müəyyən edilmiş tədbirlərin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin, rayonun kənd təsərrüfatı potensialından səmərəli istifadə olunmasının vacibliyini diqqətə çatdırıb.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri Bayandur Rzayev çıxışında aqrar sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən, kənd təsərrüfatı istehsalının artırılması, fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, müasir aqrotexniki yanaşmaların tətbiqi və innovativ texnologiyalardan istifadənin əhəmiyyətindən bəhs edib. O, həmçinin fermerlərin mövcud imkanlardan daha səmərəli yararlanmasının, istehsal olunan məhsulların keyfiyyətinin və rəqabətqabiliyyətliliyinin yüksəldilməsinin, emal müəssisələrinin inkişafının və aqrar sahədə sahibkarlıq fəaliyyətinin təşviqinin zəruriliyini vurğulayıb.
Görüş zamanı fermer və sahibkarları maraqlandıran məsələlər dinlənilib, onların təklifləri ətrafında müzakirələr aparılıb. Rayonun aqrar potensialının daha geniş reallaşdırılması, mövcud problemlərin aradan qaldırılması və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Proqramının Beyləqan rayonunda icrasının təmin edilməsi, aqrar sahədə mövcud imkanların səfərbər olunması və müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.







