Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Bir ömrün Konstitusiyası” sənədli filminin təqdimatı keçirilib

12 noyabr 2026 | 14:43
12 Noyabr-Konstitusiya Günü ilə əlaqədar Beyləqan rayonunda Azərbaycanın dövlətçilik tarixinə, müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanması prosesinə və Ümummilli Lider Heydər Əliyevin bu tarixi prosesdəki müstəsna roluna həsr olunmuş “Bir ömrün Konstitusiyası”sənədli filminin təqdimat mərasimi keçirilib.
 
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər.
 
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov filmin əhəmiyyətindən, Azərbaycanın dövlətçilik tarixinin, milli Konstitusiyamızın yaranma prosesinin və Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsindəki tarixi xidmətlərinin gənc nəslə çatdırılmasının vacibliyindən danışıblar. Çıxışlarda bu kimi layihələrin gənclərin dövlətçilik tariximizə, Konstitusiyaya və milli-mənəvi dəyərlərə marağının artırılmasında əhəmiyyəti vurğulanıb.
 
Daha sonra filmin yaradıcı heyətinin əsas aparıcı qüvvəsi olan “Ədliyyə Könüllüləri” İctimai Birliyinin fəaliyyətindən bəhs edilib. Bildirilib ki, birliyin əsas aparıcı qüvvələrindən biri həmyerlimiz Cavad Abbas oğlu Cavadlıdır. Cavad Cavadlının tədbirdə iştirakının mümkün olmaması ilə əlaqədar onun atası Abbas Qələndərov mərasimdə iştirak edib. Tədbirin yekununda Abbas Qələndərova söz verilib və filmin ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətə, eləcə də təqdimatın Beyləqanda təşkilinə görə təşəkkür ifadə olunub.
 
Qeyd edək ki, bir saatlıq sənədli film Azərbaycanın müstəqillik tarixində mühüm mərhələ olan ilk milli Konstitusiyanın hazırlanması prosesini, Ümummilli Lider Heydər Əliyevin bu prosesdəki müstəsna rolunu və ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən işləri əks etdirir. Filmdə Konstitusiyanın hazırlanmasında iştirak etmiş komissiya üzvləri, dövlət və ictimai xadimlərlə müsahibələrə də yer verilib.
 
Filmin ilkin təqdimatı Bakı şəhərində Nizami Kino Mərkəzində, növbəti təqdimatı isə Naxçıvan şəhərində Heydər Əliyev Mərkəzində keçirilib. Beyləqanda keçirilən təqdimat mərasimi filmin üçüncü nümayişi olub.
Keçidlər