Beyləqanda bu il də pambıqçılıqda yüksək məhsuldarlıq gözlənilir
03 avqust 2026 | 19:50
Beyləqan rayonunda cari mövsümdə pambıqçılıq sahəsində yüksək məhsuldarlıq proqnozlaşdırılır. Rayonda 9 min hektar sahədə pambıq əkini aparılıb və aqrotexniki tədbirlər təsdiq olunmuş qrafikə uyğun davam etdirilir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi ilə birlikdə pambıq əkin sahələrinə baxış keçirib, fermerlərlə görüşüb.
Görüş zamanı sahələrdə aparılan becərmə işlərinin gedişi, suvarma, zərərvericilərə qarşı mübarizə və digər aqrotexniki tədbirlərin icra vəziyyəti ilə maraqlanılıb. Fermerlər mövsüm ərzində görülən işlər, mövcud vəziyyət və məhsuldarlıqla bağlı gözləntiləri barədə ətraflı məlumat verərək, dövlətin aqrar sahəyə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildiriblər.
Qeyd olunub ki, mövcud vəziyyət və aparılan aqrotexniki tədbirlər cari ildə pambıq sahələrində yüksək məhsuldarlığın əldə olunacağına əsas verir. Fermerlər də builki mövsümdə bol məhsul gözlədiklərini ifadə edərək, qarşıya qoyulan hədəflərə nail olunacağına əminliklərini vurğulayıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov pambıqçılığın Beyləqan rayonunun iqtisadiyyatında mühüm yer tutduğunu qeyd edərək, məhsuldarlığın daha da artırılması üçün aqrotexniki qaydalara ciddi əməl olunmasının, sahələrə vaxtında qulluq göstərilməsinin və dövlət tərəfindən yaradılan imkanlardan səmərəli istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb.







