Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin məşğulluğuna həsr olunan tədbir keçirilib

29 iyul 2026 | 16:17
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.5.1, 8.5.2 və 8.5.3-cü bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin məşğulluq imkanları barədə maarifləndirilməsi, onların işlə təmin olunması sahəsində formalaşmış müsbət təcrübələrin təqdim edilməsi, işəgötürən sahibkarlarla görüşün təşkili və cəmiyyətə reinteqrasiyasının dəstəklənməsinə həsr olunmuş tədbir keçirilib.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Məşğulluq Filialının Beyləqan rayon xidmət şöbəsinin rəhbərliyi, aidiyyəti dövlət qurumlarının əməkdaşları, cəzaçəkmə müəssisələrindən azad olunmuş və işlə təmin olunmuş şəxslər, eləcə də həmin şəxsləri işlə təmin edən sahibkarlar (işəgötürənlər) və eləcə də rayonun digər sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov bildirib ki, dövlət başçısının təsdiq etdiyi Milli Fəaliyyət Planında cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin sosial adaptasiyası və dayanıqlı məşğulluğunun təmin edilməsi mühüm prioritetlərdən biri kimi müəyyən olunub. O vurğulayıb ki, bu kateqoriyadan olan şəxslərin əmək bazarına inteqrasiyası, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi, uğurlu təcrübələrin təşviqi və maarifləndirmə tədbirlərinin davamlı keçirilməsi onların cəmiyyətə uğurlu reinteqrasiyasında mühüm rol oynayır.
 
Sonra çıxış edən Mil-Muğan Regional Məşğulluq Filialının Beyləqan rayonu üzrə xidmət şöbəsinin müdiri Pərvanə Gülmalı cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, 2026-cı il ərzində üç nəfər cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxs müxtəlif sahibkarlıq subyektlərində işlə təmin edilib. O, bu istiqamətdə qarşıda duran vəzifələrdən, mövcud problemlərdən, məşğulluq imkanlarının genişləndirilməsi üçün həyata keçirilən tədbirlərdən bəhs edib, həmçinin aidiyyəti qurumlar və işəgötürənlər arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
 
Tədbirdə iştirak edən “Prime Cotton” MMC və “Qarabağ Taxıl” MMC-nin nümayəndələri çıxış edərək cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin işlə təmin olunması sahəsində qazandıqları müsbət təcrübələri bölüşüblər. Onlar bildiriblər ki, bu kateqoriyadan olan şəxslərin əmək fəaliyyətinə cəlb edilməsi onların sosial adaptasiyasına, cəmiyyətə uğurlu reinteqrasiyasına və dayanıqlı məşğulluğunun təmin edilməsinə mühüm töhfə verir. Həmçinin tədbirdə cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra işlə təmin edilmiş şəxs də çıxış edərək ona yaradılan məşğulluq imkanına görə minnətdarlığını bildirib, daimi işlə təmin olunmasının cəmiyyətə yenidən inteqrasiyasına, ailəsinin sosial rifahının yaxşılaşmasına və gələcəyə inamla baxmasına mühüm təsir göstərdiyini qeyd edib.
 
Digər çıxış edənlər də cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin məşğulluğunun artırılması istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsinin, uğurlu işəgötürmə təcrübələrinin geniş ictimaiyyət arasında təbliğinin və dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində aidiyyəti qurumlarla işəgötürənlər arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Keçidlər