Beyləqanda dövlət qulluqçuları üçün etik davranış mövzusunda maarifləndirici tədbir keçirilib
24 dekabr 2025 | 16:57
“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın 2019–2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 8.10.1-ci yarımbəndinin icrası ilə əlaqədar olaraq etik davranış mövzusunda tədbirlərin keçirilməsi məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətində ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, başçının müavinləri və şöbə müdirləri, icra hakimiyyəti başçısı aparatının əməkdaşları, həmçinin yerli ərazi idarəetmə üzrə icra nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət qulluğunda etik davranış qaydalarına riayət olunmasının əhəmiyyətindən, vətəndaşlarla münasibətlərdə mədəni davranışın, şəffaflığın və məsuliyyətin vacibliyindən bəhs etmişdir.
Daha sonra etik davranış məsələləri üzrə komissiyanın müdiri Yeganə Məmmədova çıxış edərək dövlət qulluqçularının etik davranış qaydaları, bu sahədə mövcud normativ-hüquqi tələblər və praktiki tətbiq məsələləri barədə ətraflı məlumat vermişdir.
Tədbir zamanı ayrı-ayrı dövlət qulluqçuları mövzu ilə bağlı fikir və təkliflərini səsləndirmiş, etik davranış prinsiplərinin gündəlik xidməti fəaliyyətə daha effektiv şəkildə tətbiqi məsələləri müzakirə olunmuşdur.







