Beyləqanda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
20 noyabr 2026 | 10:01
22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİH başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və ədliyyə orqanları əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Ziyarət iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ədliyyə sisteminin inkişafında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən, hər il noyabrın 22-si ölkəmizdə Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində müasir Azərbaycan ədliyyə sisteminin əsası qoyulmuş, bu sahənin institusional inkişafı təmin edilmişdir. Hazırda Azərbaycan ədliyyəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar çərçivəsində müasirləşərək inkişafını davam etdirir.







