Beyləqanda elektrik təchizatının yenilənməsi davam etdirilir
05 fevral 2026 | 15:35
Beyləqan rayonunda elektrik enerjisi təchizatının dayanıqlığının artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə rayon ərazisində ardıcıl yenidənqurma və təkmilləşdirmə işləri həyata keçirilir. Bu çərçivədə Heydər Əliyev prospekti və ona bitişik bir neçə küçədə mühüm texniki işlər görülür.
Görülən işlərə əsasən, Heydər Əliyev prospektində 10 kilovoltluq hava xəttinin mövcud dayaqları yeni və dayanıqlı dəmir dayaqlarla əvəz edilir, açıq naqillər isə daha təhlükəsiz və uzunömürlü SİP tipli kabellərlə dəyişdirilir. Eyni zamanda, istismara yararsız vəziyyətdə olan köhnə komplekt transformator məntəqəsinin (KTM) sökülərək yerinə daha güclü KTM-in quraşdırılması nəzərdə tutulur.
Prospektdən ayrılan digər küçələrdə də analoji olaraq köhnə dayaqlar yeniləri ilə əvəz edilir, elektrik xətləri isə müasir SİP kabellərlə yenidən qurulur.
Həyata keçirilən bu tədbirlər nəticəsində ərazidə elektrik enerjisi təchizatının etibarlılığı yüksələcək, təhlükəsizlik səviyyəsi artırılacaq və gələcəkdə yaranması mümkün olan texniki nasazlıqların qarşısı alınacaq. Bu isə sakinlərin daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına xidmət edəcək.







