Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda əmək yarmarkası keçirilmişdir

24 sentyabr 2026 | 14:07
24 sentyabr 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mil-Muğan Regional Məşğulluq filialı tərəfindən işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə əmək yarmarkası keçirilib.
 
Beyləqan Rayon Gənclər Evində təşkil olunan əmək yarmarkasında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aidiyyəti şəxslərlə birgə iştirak edərək təqdim olunan vakansiyalarla tanış olub, işəgötürənlərlə və yarmarkaya müraciət edən vətəndaşlarla görüşüb. Yarmarkanın təşkili, işaxtaran şəxslərin mövcud vakansiyalar barədə məlumatlandırılması və onların uyğun iş yerlərinə yönləndirilməsi ilə bağlı məsələlər diqqətdə saxlanılıb.
 
Yarmarka açıq elan olunmamışdan əvvəl Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial siyasətdə əhalinin rifahının yüksəldilməsinə və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. O, məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlərin vətəndaşların əmək bazarında fəal iştirakına yaratdığı imkanlardan danışıb.
 
Mil-Muğan Regional Məşğulluq filialının müdiri vəzifəsini müvəqqəti icra edən Elşən Xəlilov çıxışında əmək yarmarkasının məqsədi, təqdim olunan vakansiyalar və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu cür tədbirlər işəgötürənlərlə işaxtaran şəxslərin birbaşa əlaqələndirilməsinə, mövcud vakansiyalar barədə məlumatlılığın artırılmasına və uyğun namizədlərin işlə təmin olunmasına imkan yaradır.
 
Qeyd edək ki, əmək yarmarkasında 20-yə yaxın müəssisə tərəfindən müxtəlif sahələr üzrə 100-dən çox vakansiya təqdim olunub. Yarmarkada təqdim olunan vakansiyalar işaxtaran şəxslər tərəfindən nəzərdən keçirilib, onlara əməkhaqqı, iş şəraiti və əmək öhdəlikləri barədə məlumat verilib, müraciətlər qəbul olunub və uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin vətəndaşlara aktiv məşğulluq tədbirləri və müraciət qaydaları barədə ətraflı məlumat verilib.
Keçidlər