Beyləqanda “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.
24 iyun 2023 | 21:05
24 iyun 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev 105 illik yubileyini qeyd edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğunun və şərəfli tarixinin bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulamış, müstəqil Azərbaycan Ordusunun yaradılması, onun inkişafı, modernləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə konfrans iştirakçılarını məlumatlandırmışdır.
Konfransda rayon prokuroru Ramazan Hadıyev, N saylı hərbi hissənin zabiti, Baş leytenant Kənan Rzayev, Birinci Qarabağ müharibəsinin veteranı Rövşən Namazəliyev, Vətən müharibəsi qazisi Asim Əliyev və gənc çağırışcı Kamran Nağızadə də çıxış edərək Heydər Əliyevin Azərbaycan Ordusunun təşkilatlanması və böyük qüvvəyə çevrilməsi məsələsində mühüm və həlledici rolu olduğunu, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusunun Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmləndiyini və öz döyüş qabiliyyətini artırdığını vurğulamışlar.
Sonda Vətən Müharibəsi zamanı fədakar əməyinə və arxa cəbhədə xidmətinə görə bir neçə nəfər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən “təşəkkürnamə”ilə təltif olunub.