Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “İnklüziv Yaradıcı Sənətlər Festivalı” keçirilib

30 aprel 2026 | 19:57
Aprelin 30-da Beyləqan Rayon Niyazi adına Uşaq Musiqi Məktəbində “İnklüziv Yaradıcı Sənətlər Festivalı” layihəsi çərçivəsində tədbir təşkil olunub.
 
Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Beyləqan Rayon İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin və Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəsmi tərəfdaşlığı, “Biz Bir Ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin təşkilatçılığı, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Beyləqan Niyazi adına Uşaq Musiqi Məktəbinin dəstəyi ilə baş tutub.
 
Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, inklüziv dəyərlərin təbliği və yaradıcı sənətlər vasitəsilə sosial fəallıqlarının artırılmasına dəstək göstərmək olub.
 
Festival iştirakçıları və qonaqlar əvvəlcə ümummilli dəyərlərə ehtiram əlaməti olaraq şəhidlərin və dünyasını dəyişmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Rəsmi hissədə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Heybət Əliyev, Beyləqan Rayon Niyazi adına Uşaq Musiqi Məktəbinin direktoru Elmurad Quliyev və layihənin ideya müəllifi, “Biz Bir Ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Günay Ağazadə festivalın əhəmiyyətindən bəhs ediblər. Heybət Əliyev çıxışında inklüzivliyin mahiyyətinə toxunaraq bildirib ki, belə platformalar gənclərin kimliyindən və imkanlarından asılı olmayaraq özlərini ifadə etməsinə, yaradıcılıqlarını nümayiş etdirməsinə şərait yaradır. O, yaradıcılığın insanları birləşdirən ən güclü vasitələrdən biri olduğunu vurğulayaraq, musiqi, rəsm və digər sənət növləri vasitəsilə cəmiyyətdə qarşılıqlı anlaşma və qəbulun gücləndiyini qeyd edib, gəncləri daim inanmağa, yaratmağa və öz potensiallarını məhdudlaşdırmamağa çağırıb.
 
Bədii hissədə isə bir-birindən maraqlı musiqi, rəqs və bədii qiraət nömrələri təqdim olunub. “Aranqala” xalq çalğı alətləri ansamblının çıxışı, kanon, tar və saz ifaları, milli rəqslər, eləcə də gənc istedadların təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
 
Festival çərçivəsində səhnəyə çıxan hər bir iştirakçı öz istedadı və çıxışı ilə bir daha sübut edib ki, yaradıcılığın və istedadın sərhədi yoxdur. Tədbir boyunca birlik, sevgi və qarşılıqlı anlayışın gücü aydın şəkildə hiss olunub.
 
Sonda festival iştirakçıları və təşkilində əməyi olan şəxslər təltif olunub, layihəyə dəstək göstərən tərəfdaşlara təşəkkür bildirilib.
 
Qeyd edək ki, bu cür inklüziv layihələr cəmiyyətdə bərabər imkanların təşviqi, sosial inteqrasiyanın gücləndirilməsi və insan dəyərlərinin önə çəkilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Keçidlər