Beyləqanda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici kampaniya keçirilib
20 may 2025 | 12:15
“İnsan Hüquqları Günü” ilə əlaqədar elan olunmuş “İnsan Hüquqları Aylığı” (18 may – 18 iyun) çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən maarifləndirmə məqsədilə xüsusi bukletlər hazırlanaraq Beyləqan şəhərinin əsas prospekt və küçələrində, həmçinin əhalinin sıx toplaşdığı ərazilərdə paylanılmışdır.
Bukletlərdə vətəndaşların hüquq və azadlıqları, bu hüquqların müdafiə mexanizmləri, dövlət qurumlarının bu sahədə üzərinə düşən vəzifələr, eləcə də insan hüquqlarının təmin olunması ilə bağlı ətraflı məlumatlar yer alır.
Maarifləndirici tədbirlərin əsas məqsədi vətəndaşların hüquqi biliklərini artırmaq, insan hüquqlarının qorunmasına yönəlik ictimai fəallığı təşviq etmək və bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini geniş ictimaiyyətə çatdırmaqdır.
Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən insan hüquqları ilə bağlı məlumatlandırma və maarifləndirmə işləri ardıcıl şəkildə davam etdiriləcəkdir.