Beyləqanda İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib
11 iyun 2026 | 15:36
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə hər il 18 may – 18 iyun tarixlərini əhatə edən İnsan Hüquqları Aylığı çərçivəsində ölkənin müxtəlif bölgələrində silsilə maarifləndirici tədbirlər həyata keçirilir. Aylığın keçirilməsində əsas məqsəd insan hüquq və azadlıqlarının təşviqi, vətəndaşların hüquqi biliklərinin artırılması, cəmiyyətdə insan hüquqlarına hörmət mədəniyyətinin daha da gücləndirilməsidir.
İnsan Hüquqları Aylığı çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq Beyləqan Rayon Polis Şöbəsi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov insan hüquq və azadlıqlarının qorunmasının hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biri olduğunu vurğulayaraq, hüquq-mühafizə orqanlarının bu sahədə həyata keçirdiyi fəaliyyət, vətəndaşların hüquqlarının təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova çıxışında ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib, gənclər arasında hüquqi maarifləndirmə işinin əhəmiyyətindən danışıb.
Digər natiqlər çıxışlarında insan hüquqlarının mahiyyəti, vətəndaşların hüquq və vəzifələri, qanunun aliliyi prinsipi, hüquqi maarifləndirmənin cəmiyyətin inkişafındakı rolu və gənclərin hüquqi biliklərinin artırılmasının vacibliyi barədə fikirlərini iştirakçıların diqqətinə çatdırıblar.
Tədbirin sonunda iştirakçılara bədii proqram təqdim olunub.







