Beyləqanda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub
31 iyul 2025 | 13:36
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbir cari ilin “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar olaraq bu istiqamətdə həyata keçirilən silsilə tədbirlər çərçivəsində baş tutub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu” adlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan dilinin tarixi inkişaf yolu və bu sahədə dövlət səviyyəsində görülən işlər barədə geniş məlumat verib. O bildirib ki, bu gün ana dilimiz təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda milli kimliyimizin, dövlətçiliyimizin və suverenliyimizin əsas daşıyıcılarından biridir. Məhz bu baxımdan “Konstitusiya və Suverenlik ili” çərçivəsində belə tədbirlərin keçirilməsi, ana dilimiz kimi milli dəyərlərin qorunması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı sahəsində əvəzsiz xidmətlərindən, xüsusilə 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin rəsmi status almasının tarixi əhəmiyyətindən bəhs edib, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu siyasətin bu gün də uğurla davam etdirildiyini, dilimizin müasir çağırışlara uyğun şəkildə qorunması və təbliği istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.
Rayon Ağsaqqallar Şurasının sədri, təqaüdçü Azərbaycan dili və ədəbiyyat müəllimi Etibar İmanov çıxışında ana dilimizin keçdiyi tarixi inkişaf yolundan ətraflı bəhs edib, Birinci Şahsevən kənd 1 saylı tam orta məktəbin direktoru, Azərbaycan dili və ədəbiyyatı müəllimi Elnurə Kazımova isə müasir Azərbaycan dilinin mövcud durumu, qarşıda duran çağırışlar və dilin yad təsirlərdən qorunmasının vacibliyi ilə bağlı fikirlərini bölüşüb. Yuxarı Kəbirli kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Namazova da tədbirdə çıxış edərək mövzu ətrafında fikirlərini səsləndirib.
Tədbirin sonunda bir daha vurğulanıb ki, ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur. Belə tədbirlər dilimizə olan sevginin və məsuliyyətin cəmiyyətə aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.







