Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda maarifləndirici görüş keçirilib.

22 aprel 2026 | 10:11
Beyləqan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 2026–2027-ci tədris ili üzrə abituriyentlərin məlumatlandırılması məqsədilə maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin müdiri Elvin Hüseynli, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov, institutun rektor köməkçisi Emin Orucov, ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri, müəllimlər və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Tədbiri giriş nitqi ilə açan RİH başçısının müavini Yeganə Məmmədova çıxışında qeyd edib ki, ölkədə təhsil sahəsində aparılan məqsədyönlü islahatlar gənclərin müasir dünyagörüşə malik, bilikli və peşəkar kadrlar kimi formalaşmasına xidmət edir. O bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət siyasətində mühüm yer tutur.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin müdiri Elvin Hüseynli çıxış edərək vurğulayıb ki, Azərbaycanda dövlət–din münasibətləri qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır. O qeyd edib ki, dini sahədə aparılan maarifləndirmə tədbirləri cəmiyyətin sabitliyinin qorunmasına xidmət edir və xüsusilə gənclərin zərərli ideologiyalardan uzaq saxlanılmasında düzgün dini biliklərin rolu böyükdür.
 
Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov ölkəmizdə dövlət–din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. Azərbaycan İlahiyyat İnstitutu haqqında geniş məlumat verərkən vurğulayıb ki, təhsil müəssisələrində qarşılıqlı etimada əsaslanan şəffaf müəllim–tələbə münasibətləri hökm sürür. Burada tədrisin keyfiyyətinin artırılması, təhsilalanların fənlər üzrə bilik və bacarıqlarının inkişafı istiqamətində səylə fəaliyyət göstərilir.
 
Azərbaycan İlahiyyat İnstitutunun rektor köməkçisi Emin Orucov isə qeyd edib ki, institutda təhsil almaq istəyən abituriyentlər üçün geniş imkanlar mövcuddur. O, qəbul prosesi, ixtisas seçimi, eləcə də tələbələr üçün yaradılmış şərait barədə məlumat verərək vurğulayıb ki, Aİİ-də təhsil alanlar ödənişsiz təhsil, təqaüdlər və digər sosial imkanlardan faydalanırlar. Bununla yanaşı, tələbələrin xarici dilləri öyrənməsi və aktiv tələbə həyatı ilə məşğul olması üçün də əlverişli mühit yaradılıb.
 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Keçidlər