Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda məktəblilərlə maarifləndirici görüş keçirilib

25 may 2026 | 14:36
Beyləqan rayon Gənclər Evində “Narkomaniyaya “yox” deyək!” mövzusunda, eləcə də erkən nikah, dini radikalizmə qarşı mübarizə çərçivəsində maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, Beyləqan rayon prokuroru Elşad Əzimov, Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Vidadi Qurbanov, eləcə də RİH başçısı aparatının məsul nümayəndələri, idarə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının nümayəndələri və məktəblilər iştirak ediblər.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Giriş sözü ilə çıxış edən Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov tədbirin mahiyyəti barədə geniş məruzə edib. O, əsasən narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələr, onun yayılmasının qarşısının alınması istiqamətində görülən profilaktik tədbirlər və bu sahədə ictimai maarifləndirmənin əhəmiyyəti barədə danışıb. Çıxış zamanı həmçinin dini radikalizm, erkən nikah və digər sosial problemlərə toxunularaq onların gənclərin inkişafına mənfi təsirləri diqqətə çatdırılıb.
 
Daha sonra Beyləqan Rayon Prokuroru Elşad Əzimov və Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Vidadi Qurbanov çıxış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, bu sahədə qanunvericiliyin tələbləri və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə fikirlərini bölüşüblər.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək ölkəmizdə gənclərin sağlam mühitdə yetişdirilməsi və narkomaniyaya qarşı mübarizə istiqamətində aparılan dövlət siyasətindən danışıb. O, narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə yaratdığını vurğulayaraq bu problemin qarşısının alınmasında dövlət, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin vacibliyini qeyd edib.
 
Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, rayon təhsil sektorunun müdiri Elvin Abbasov və Vətən müharibəsi qazisi Orxan Həsənov da çıxış edərək gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam həyat tərzinin təbliği və narkomaniyaya qarşı mübarizədə ictimai dəstəyin vacibliyi barədə fikirlərini bildiriblər.
 
Sonda tədbir iştirakçıları arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işlərinin gücləndirilməsinin və birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.
Keçidlər