Beyləqanda məktəblilərlə maarifləndirici görüş təşkil olunub
17 aprel 2026 | 17:27
Beyləqan Rayon İcra Hakimiyyəti və Beyləqan Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Bəyləqan rayonu Dünyamalılar kənd 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və ərazi təşkilat şöbəsinin müdiri Yeganə Məmmədova, Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, Dünyamalılar kənd 1 və 2 saylı, R.Ağamalıyev adına tam orta ümumtəhsil məktəblərinin müəllim kollektivləri və həmin məktəblərin 9–10–11-ci sinif şagirdləri iştirak ediblər.
Tədbir çərçivəsində erkən nikah hallarının qarşısının alınması, narkomaniyaya qarşı mübarizə, dini radikalizmə qarşı maarifləndirmə və digər aktual mövzular ətrafında geniş söhbətlər aparılıb.
Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov hüquq-mühafizə orqanlarının fəaliyyət istiqamətləri barədə məlumat verib, narkotik vasitələrin zərərləri, onların qanunsuz dövriyyəsinə görə nəzərdə tutulan məsuliyyət, eləcə də dini radikalizmin təhlükələri haqqında şagirdləri məlumatlandırıb. O, gəncləri hüquqazidd əməllərdən uzaq durmağa və sağlam həyat tərzi sürməyə çağırıb.
Daha sonra çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova gənclərin sağlam mənəvi dəyərlər əsasında formalaşmasının vacibliyini vurğulayıb, erkən nikahın mənfi sosial və psixoloji təsirlərindən danışıb. O, həmçinin yeniyetmələrin təhsilə cəlb olunmasının əhəmiyyətini qeyd edərək onların gələcəkdə cəmiyyətə faydalı vətəndaş kimi yetişmələrinin prioritet olduğunu bildirib.
Tədbirdə həmçinin Dünyamalılar kənd 1 saylı tam orta məktəbin direktoru Əli Quliyev də çıxış edərək şagirdlərin sağlam və təhlükəsiz mühitdə yetişməsinin vacibliyini vurğulayıb, onların zərərli vərdişlərdən uzaq durmasının və təhsilə daha ciddi yanaşmasının əhəmiyyətini qeyd edib. O, bu cür maarifləndirici tədbirlərin məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirib.







