Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “N” saylı hərbi hissənin yaradılmasının 34-cü ildönümü qeyd olunub

23 iyul 2026 | 11:47
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Ağsaqqallar Şurasının sədri, şəhid ailələri, hərbi hissənin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Daha sonra N saylı hərbi hissənin komandiri Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və Azərbaycan Silahlı Qüvvələrinin Raket və Artilleriya Qoşunlarının komandanı, general-leytenant Ağamir Sultanovun hərbi hissənin ildönümü münasibətilə təbriklərini şəxsi heyətə çatdırıb. Komandir çıxışında hərbi hissənin yaradılma tarixindən, ötən 34 il ərzində keçdiyi şərəfli xidmət yolundan, döyüş hazırlığının yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs edib, şəxsi heyəti əlamətdar gün münasibətilə təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hərbi hissənin şəxsi heyətini yaradılmasının 34-cü ildönümü münasibətilə təbrik edərək bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu son illərdə böyük inkişaf yolu keçərək regionun ən güclü ordularından birinə çevrilib. Ordumuzun döyüş qabiliyyətinin daha da möhkəmləndirilməsi, maddi-texniki təminatının gücləndirilməsi və hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayan rayon rəhbəri hərbi hissənin şəxsi heyətinin də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini qeyd edib.
 
Əziz Əzizov Vətən Müharibəsində və sonrakı dövrdə Azərbaycan hərbçisinin göstərdiyi qəhrəmanlığın xalqımızın şanlı tarixinin ayrılmaz hissəsinə çevrildiyini bildirərək şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, qazilərimizin və müharibə iştirakçılarının dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Rayon rəhbəri şəxsi heyətə məsuliyyətli və şərəfli xidmətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən şəhid atası Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların əziz xatirəsinin daim uca tutulduğunu bildirib, onların şərəfli döyüş yolunun gənc hərbçilər üçün örnək olduğunu vurğulayıb. O, hərbi qulluqçulara müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayıb.
 
Rəsmi çıxışlardan sonra hərbi hissənin Döyüş Bayrağı və Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə şəxsi heyətin təntənəli keçidi təşkil olunub. Keçid zamanı hərbi qulluqçuların yüksək nizam-intizamı və hazırlığı nümayiş etdirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin portretləri ehtiramla daşınıb və onların əziz xatirəsi bir daha dərin hörmətlə yad edilib.
 
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu N saylı hərbi hissənin fəxri fərmanları ilə təltif olunub. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən də “N” saylı Hərbi Hissənin şəxsi kollektivinə və xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərmanlar təqdim edilib, onlar nümunəvi xidmətlərinə görə təbrik olunaraq gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
 
Daha sonra qonaqlar hərbi hissədə yaradılmış xidmət və məişət şəraiti ilə tanış olublar. Onlara hərbi hissənin maddi-texniki bazası, şəxsi heyət üçün yaradılan şərait və həyata keçirilən yenilənmə işləri barədə ətraflı məlumat verilib.
 
Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.
Keçidlər