Beyləqanda N saylı Hərbi Hissənin yaranmasının 32-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
23 iyul 2024 | 18:27
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov və Beyləqan RİH-in məsul şəxsləri iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan N saylı Hərbi Hissənin komandiri Şamxal Səlimov hərbi hissənin yaranması və döyüş yolu barədə iştirakçılara məlumat verib. Bildirilib ki, hərbi hissə yarandığı gündən torpaqlarımızın ərazi bütövlüyü uğrunda daim rəşadətlə vuruşub, bir çox uğurlu əməliyyatlarda qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəxsi heyəti hərbi hissənin yaranmasının ildönümü münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar və daim qələbə sevinci arzulayıb. Rayon rəhbəri ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yolun Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlət başçısının diqqət və qayğısı nəticəsində hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanıldığını və eləcə də şəxsi heyətin sosial-məişət şəraiti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. RİH başçısı hərbi hissəni Beyləqan Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib.
Rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov və digərləri çıxış edərək şəxsi heyəti hərbi hissənin yaradılmasının 32-cı ildönümü münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıb.
Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu da fəxri fərmanla təltif edilib.
Tədbir şəxsi heyətin tribuna önündən təntənəli keçidi və hərbi texnikaların nümayişi ilə başa çatıb.