Beyləqanda Novruz bayramı böyük coşğu ilə keçirildi.
18 mart 2025 | 18:07
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2025-ci il tarixdə rayon stadionunda baş tutan şənlikdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, YAP Beyləqan Rayon Təşkilatının sədri, Respublikanın Əməkdar artisi Ağalar Bayramov, Respublikamızın tanınmış incəsənət nümayəndələri-musiqiçiləri, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbir Dədə Qorqud və Bahar qızının iştirakçıları salamlaması, xeyir-duası, yazın gəlişini müjdə verməsi ilə açıq elan edilmiş və bununla da beyləqanlıların əhvali-ruhiyyəsinə bayram ovqatı qatılmışdır.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və digər rəsmilər xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, çoxsaylı bayram süfrələrinin ətrafında qədim el-elat görüntülərinə, milli geyimlərimizin, mətbəximizin, xalq yaradıcılığının və sənətkarlığının ən gözəl nümunələrinə baxış keçiriblər. Daha sonra
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bayram tonqalını alışdırıb. Meydanda alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Beyləqanda Novruz şənliyinin ən maraqlı məqamlarından biri olmuşdur. Bayram tonqalı ətrafında xalqımızın birliyinin rəmzi olaraq Yallı rəqsi oynanılmışdır.
Tədbirin qonaqlarından Respublikanın Əməkdar artisi Ağalar Bayramov beyləqanlıları bayram münasibəti ilə təbrik edərək tədbirin konsert proqramını açıq elan etmişdir. Respublikanın Əməkdar artistləri Zakir Əliyev, Elnur Zeynalov, Qoçaq Əsgərov, Respublikanın Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, Muğam müsabiqəsinin qalibi Güllü Muradova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Səfiyyə Yaqublu, Əvəzxan Əzizov, Cahangir Əliyev və Mədəniyyət işçisi Nazim Çıraqov tərəfindən konsert proqramı təqdim edilmişdir.