Beyləqanda Novruzun ilk müjdəsi – Su Çərşənbəsi qeyd olunub
24 fevral 2026 | 19:47
Baharın gəlişi ilə birlikdə Novruzun ilk günü, həyatın yenilənməsinin və təbiətin canlanmasının rəmzi olan Su Çərşənbəsi Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində böyük coşqu ilə qeyd olunub.
Su Çərşənbəsinin qeyd edilməsi Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Aran qəsəbəsində keçirilən səyyar qəbulu ilə üst-üstə düşərək tədbirin əhəmiyyətini daha da artırıb.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, Rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov, başçının müavinləri, şöbə və sektor müdirləri, aidiyyəti şəxslər, şəhid ailələri, qəsəbə sakinləri, eləcə də ziyalılar iştirak ediblər. Bayram tonqalı şəhid ailələri tərəfindən alovlandırılıb və bayrama xüsusi mənəvi dəyər qatılıb.
Şənlik çərçivəsində Yuxarı Aran qəsəbə tam orta məktəbinin şagirdləri milli rəqslər, idman hərəkətləri nümayiş etdiriblər, Beyləqan rayon mədəniyyət nümayəndəliyi isə konsert proqramı təqdim edərək iştirakçılara unudulmaz anlar yaşadıblar.
Su Çərşənbəsinin alovlanan tonqalı ətrafında toplaşan insanlar bir daha birlik və həmrəylik nümayiş etdirərək Novruzun gəlişini sevinc, ümid və xoş əhval-ruhiyyə ilə qarşılayıblar. Beyləqan torpağında baharın ilk müjdəsi səmimi təbəssümlər, alqış səsləri və xoş ovqatla yadda qalıb.







