Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub

01 oktyabr 2026 | 12:34
1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
 
Gənclər Evində davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Tədbiri giriş sözü ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. İcra başçısı çıxışında prokurorluq orqanlarının qanunçuluğun təmin olunması, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə və hüquq qaydasının qorunmasında mühüm rol oynadığını bildirib. Azərbaycan Prokurorluğunun zəngin inkişaf yolu keçdiyini qeyd edən Əziz Əzizov Ulu Öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğını, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatların prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun təşkilinə verdiyi töhfələri diqqətə çatdırıb. İcra başçısı prokurorluq əməkdaşlarına məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
 
Daha sonra peşə bayramı münasibətilə bir qrup prokurorluq əməkdaşına Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub.
 
Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri – Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, Beyləqan Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov və Füzuli rayon Hərbi Prokuroru Elçin Hacıyev çıxış edərək rəhbərlik etdikləri hüquq-mühafizə orqanları ilə prokurorluq orqanları arasında qarşılıqlı faydalı əməkdaşlığın, hüquq-mühafizə sahəsində əlaqəli fəaliyyətin və qanunçuluğun təmin olunmasında prokurorluq əməkdaşlarının rolunun əhəmiyyətindən danışıb, prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
 
Həmçinin rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və digər ziyalılar çıxış edərək rayon ağsaqqalları adından prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
 
Beyləqan rayon prokuroru Elşad Əzimov çıxış edərək prokurorluq əməkdaşlarına göstərilən diqqət və təbriklərə görə təşəkkürünü bildirib. Elşad Əzimov rayon prokurorluğunun fəaliyyətində qanunçuluğun təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, hüquq pozuntularının qarşısının alınması və cinayətkarlıqla mübarizənin əsas istiqamətlər olduğunu qeyd edib. O, prokurorluq əməkdaşlarının üzərinə düşən vəzifələri bundan sonra da məsuliyyətlə və peşəkarlıqla yerinə yetirəcəklərini vurğulayıb.
 
Tədbirin sonunda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1 oktyabrın Beynəlxalq Ahıllar Günü olduğunu da diqqətə çatdıraraq, ağsaqqalları əlamətdar gün münasibətilə təbrik edib, onların cəmiyyətin mənəvi dəyərlərinin qorunmasında və gənc nəslin tərbiyəsində mühüm rolunu qeyd edib, onlara möhkəm cansağlığı və uzun ömür arzulayıb.
Keçidlər