Beyləqanda “Qızılı Səslər” adlı konsert proqramı keçirilib
20 dekabr 2025 | 13:34
19 dekabr 2025-ci il tarixdə Beyləqan rayonunda “Qızılı Səslər” adlı konsert proqramı təşkil olunub. Uzun müddətdir gözlənilən bu mədəni tədbir Beyləqanın mədəni həyatında əlamətdar hadisə kimi yadda qalıb.
Konsert proqramında tanınmış muğam ifaçıları və nüfuzlu müsabiqələrin qalibləri — V Televiziya Muğam müsabiqəsinin qalibləri Məhəbbət Səfərov və Sədəf Budaqova, Türksoyun 25 illiyi münasibətilə keçirilən müsabiqənin qran-pri mükafatçısı Elgiz Əliyev, VI Beynəlxalq Muğam müsabiqəsinin qalibi Mirəli Sarızadə çıxış ediblər. Onların zəngin və rəngarəng ifaları Beyləqan Mədəniyyət Mərkəzinin səhnəsinə xüsusi ab-hava qataraq tamaşaçıların böyük rəğbətini qazanıb.
Konsert proqramı çərçivəsində səsləndirilən muğamlar, təsniflər, xalq və bəstəkar mahnıları dinləyicilər tərəfindən maraq və alqışlarla qarşılanıb.
“Qızılı Səslər” konsert proqramı ifaçıların birgə səsləndirdiyi “Qarabağ Şikəstəsi” ilə başa çatıb.







